2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“SOCAR Türkiyə”də görüş keçirilib
Türkiyəyə səfər çərçivəsində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə “SOCAR Türkiyə”də görüş keçirilib.
Görüşdə “SOCAR Türkiyə” tərəfindən 2021-ci ildə görülmüş işlər, 2022-ci il üçün qarşıda duran məsələlər və hədəflərin həyata keçirilməsi istiqamətində atılan addımlara dair təqdimat edilib, həmçinin SOCAR-ın Türkiyədəki layihələri və onların gələcək perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Müşahidə Şurasının sədri Mikayıl Cabbarov “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan STAR Neft Emalı Zavodunun Dünya İqtisadi Forumunun qabaqcıl istehsal müəssisələrini özündə birləşdirən “Global Lighthouse” şəbəkəsinə daxil edilməsinin və dünyada bu mükafatı alan ilk neft emalı zavodu olmasının əhəmiyyətindən bəhs edib.
Mikayıl Cabbarov qardaş Türkiyə iqtisadiyyatının inkişafına SOCAR-ın mühüm töhfə verdiyini məmnunluqla vurğulayıb və Türkiyə İxracatçılar Məclisinin “2021-ci il ixracat çempionları” nominasiyasında “SOCAR Türkiyə”nin 8-ci yerə layiq görülməsinin böyük uğur olduğunu qeyd edib.
Həmçinin görüşdə iştirak edən SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf, SOCAR-ın dünyada mövcud çağırışları daim diqqətdə saxladığını və öz müəssisələrində təmiz və rəqəmsal enerji texnologiyalarının tətbiqinə üstünlük verdiyini bildirib.
Rövşən Nəcəf SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edərək, “SOCAR Türkiyə”nin rəqəmsallaşma sahəsində əldə etdiyi uğurların bu strategiyanın əsas tərkib hissəsi olduğunu vurğulayıb.
Sonra nümayəndə heyəti “SOCAR Türkiyə”nin ofisində Azərbaycanın neft salnaməsindən bəhs edən muzeydə olub.