2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib
Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
İclasdan əvvəl Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Hökumətlərarası Komissiyanın həmsədri, energetika nazri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Həmçinin energetika nazri Pərviz Şahbazov ilə Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreq Hands və ixracat naziri Mike Freer arasında ikitərəfli görüşlər olub. Görüşlərdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Görüşlərdən sonra hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər – Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Birləşmiş Krallığın ixracat naziri Mike Freer çıxış ediblər.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ixracat naziri Mike Freer deyib: “Ölkələrimiz arasındakı diplomatik münasibətlərin 30-cu ildönümünü ticarət sahəsindəki mühüm danışıqlarla qeyd etmək çox xoşdur. Hazırda 1 milyard funt-sterlinqdən çox olan ticarət dövriyyəmiz mövcuddur və Hökumətlərarası Komissiya əlaqələrimizi genişləndirmək və dərinləşdirmək üçün bir fürsətdir. Böyük Britaniya şirkətləri Azərbaycanla bərpa olunan enerjiyə keçid, yeni texnologiyaya investisiya, səhiyyə və təhsil sahələrində tərəfdaşlıq edir və biz qarşıdakı illərdə birgə fəaliyyət üçün daha çox imkanların olacağına inanırıq”.
Hökumətlərarası Komissiyanın həmsədri, energetika naziri Pərviz Şahbazov çıxışında diplomatik münasibətlərin 30 illiyini qeyd edən ölkələrimiz arasında yüksək siyasi dialoqun Cənubi Qafqazda nümunəvi güclü iqtisadi tərəfdaşlıqla bir-birini tamamladığını qeyd edib. Strateji tərəfdaşlıq xarakteri daşıyan bu münasibətlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Böyük Britaniya və Şimali İrlandiya Krallığının baş naziri Boris Consonun son məktublarında da böyük əhəmiyyət verildiyi vurğulanıb. Bildirilib ki, Böyük Britaniya ilk vaxtlardan sərmayələri və enerji sektorunun inkişafına dəstəyi ilə ölkəmizin iqtisadi müstəqilliyində mühüm rol oynayan tərəfdaşımızdır. Böyük Britaniya 32 milyard dollardan çox sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investordur. İki ölkə arasında ötən il ticarət dövriyyəsi 47 faiz artaraq 668 milyon dollara yaxın olub. Çıxışda bp vasitəsilə ölkəmizin neft-qaz sektoruna indiyə qədər 29 milyard dollara yaxın sərmayə yatırımı, Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının göstəricisi kimi dəyərləndirilib.
Nazir Pərviz Şahbazov bu əməkdaşlığın qlobal çağırışlara uyğun yeni mərhələyə daxil olduğunu deyib: “Birləşmiş Krallıqla enerji sahəsində uzunmüddətli tərəfdaşlığımızı strateji enerji dayanıqlığı və “yaşıl” enerji gündəliyinin həyata keçirilməsinə mühüm töhfə kimi görürük. Bu günlərdə Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə mühüm irəliləyişə nail olduq. Düşünürük ki, tez bir zamanda bu stansiyanın inşası bp ilə “yaşıl” enerji, dekarbonizasiya, ümumiyyətlə enerji keçidi istiqamətində uğurlu əməkdaşlığımızın təsdiqi olacaqdır. Azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji zonası” konseptində inkişafı, “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma və Xəzər dənizinin 157 QVt külək enerjisinin elektrik enerjisi və hidrogenin istehsalı/ixracına yönəldilməsi ilə bağlı planlar Böyük Britaniya ilə “yaşıl” tərəfdaşlığın inkişafı üçün böyük imkanlardır.”
Nazir azad edilmiş torpaqlarımızın dünyada ən çox minalarla çirklənmiş ərazilərdən biri olduğunu, mina və partlamamış hərbi sursatların zərərsizləşdirilməsindəki çətinliklərin bu ərazilərin sosial-iqtisadi reinteqrasiyası, mühüm layihələrin həyata keçirilməsi üçün başlıca maneə olduğunu da diqqətə çatdırıb. Bu məsələdə beynəlxalq dəstəyin və yardımın vacibliyini qeyd edib.
İclasda Hökumətlərarası Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər nəzərdən keçirilib. Enerji keçidi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların artırılması, mina təhlükəsi ilə mübarizə, rəqəmsal iqtisadiyyat, infrastruktur, səhiyyə, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb və qarşılıqlı təqdimatlar dinlənilib. Yeni investisiya imkanları barədə ətraflı məlumat verilib, Azərbaycan-Britaniya Ticarət Palatasının fəaliyyətə başlamasının əhəmiyyəti qeyd edilib. İkitərəfli iqtisadi əlaqələrin inkişafı üçün “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi bildirilib.
Tədbir çərçivəsində ““İDRAK Texnoloji Transfer” şirkəti ilə Birləşmiş Krallığın “ApplianSys” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 6-cı iclasının isə 2023-cü ildə Bakı şəhərində keçirilməsi barədə razılıq əldə olunub.