Azərbaycan indiyədək İtaliyaya 8,5 mlrd. kubmetr qaz göndərib

 Azərbaycan indiyədək İtaliyaya 8,5 mlrd. kubmetr qaz göndərib

Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) vasitəsi ilə İtaliyaya indiyədək 8,5 mlrd. kubmetrə yaxın qaz çatdırılıb.

TAP konsorsiumuna istinadən verdiyi məlumata görə, işə salınandan (2020-ci ilin dekabrın 31-i) kəmər vasitəsi ilə Avropaya 10 mlrd. kubmetr qaz nəql edilib.

“10 mlrd. kubmetr simvolik, lakin mühüm mərhələdir. Kommersiya əməliyyatlarının başlanmasından bir ildən bir qədər çox vaxt keçdikdən sonra biz yükgöndərənlərimizə səmərəli, etibarlı və davamlı daşıma xidmətləri göstərərək, Avropanın enerji təhlükəsizliyinə və təchizatın diversifikasiyasına mühüm töhfə vermişik. Hazırda biz ildə 10 mlrd. kubmetrlik tam nəqliyyat gücünə çata bilirik. Bundan əlavə, biz qısamüddətli auksionlar vasitəsilə daha çox həcm əlavə edə bilərik”, – TAP-ın icraçı direktoru Luka Şipati (Luca Schieppati) qeyd edib.

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyan 3 500 km uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. 878 km uzunluğa malik TAP boru kəmərinin ötürücülük gücünün 20 mlrd. kubmetrədək artırılması perspektivləri isə növbəti mərhələdə Avropada Azərbaycan təbii qazının ixrac bazarlarının genişləndirilməsinə imkanlar yaradır.

Məlumat www.apa.az istinadən təqdim olunur.