2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
SOCAR yeni mobil dalğıc kompleksinin sınaqlarına başlayır
Dekabrın 3-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri şirkətin Zığ-2 meydançasında General Əliağa Şıxlınski kran gəmisində xüsusi rama üzərinə quraşdırılmış 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksinə baxış keçirmişlər. SOCAR rəhbərliyinin təmsilçiləri burada həmçinin “Neft Daşları” yatağında 10 ədəd istismar quyusunun qazılması üçün tikilən estakadayanı meydançanın göyərtəsi ilə, eləcə də metal konstruksiyaların təmizlənməsi və boyanın vurulması sexində görülmüş işlərlə də tanış olmuşlar.Bütün növ sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş Mobil Dərinlik Dalğıc Kompleksi “American Bureau of Shipping” (ABS) təsnifat cəmiyyətinin nəzarəti altında tikilmişdir və əsasən “Günəşli” yatağında istismar ediləcəkdir. “Unique Hydra” şirkəti tərfindən inşa edilmiş 200 metrlik Mobil Dərinlik Dalğıc Kompleksi 14 nəfər dalğıc akvanavt üçün hesablanıb. Kompleks vasitəsilə saturasiya üsulu ilə fasiləsiz şəkildə dalğıc enmələrini həyata keçirmək mümkün olacaqdır.
SOCAR rəhbərliyinə məlumat verilmişdir ki, hazırda Kompleksin dəniz sınaqlarının aparılmasına hazırlıq prosesi yekunlaşmaq üzrədir. Kompleks yanğınsöndürmə sistemi, odsöndürən balonlar, tüstüyə qarşı tənəffüs aparatları və s. ilə təchiz olunmuşdur. Saturasiya idarəetmə, dalğıc idarəetmə konteynerlərində karbon qazlı odsöndürmə sistemləri quraşdırılmışdır. Dəniz sınaqları tamamlandıqdan sonra kompleks istismara veriləcəkdir.
Qeyd edək ki, hazırda SOCAR-ın Dalğıc xidmətində 157 ixtisaslaşmış dalğıc fəaliyyət göstərir ki, onlardan 25 nəfəri saturasiya üsulu ilə dərinlik dalğıc işlərini yerinə yetirən dalğıc-akvanavtlardır. 2011-ci ildən etibarən SOCAR-ın təlim mərkəzində dalğıc hazırlığı kursu təşkil olunur. 2011-2021-ci illər ərzində bu kurslara ümumilikdə 88 dalğıc cəlb olunmuş və kursları müvəffəqiyyətlə bitirmişdir.