SOCAR-da TOTAL şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

 SOCAR-da TOTAL şirkətinin nümayəndələri ilə görüş keçirilmişdir

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “TOTAL Energies” şirkətinin Karbon neytrallığı və Avropa qitəsi üzrə aparıcı vitse-prezidenti Kristin Heyli və Qazaxıstan, Azərbaycan və Tacikistan üzrə regional rəhbəri, vitse-prezidenti Piter Holdinqlə görüşmüşdür.SOCAR Towerdə keçirilmiş görüşdə iki şirkətin həyata keçirdiyi birgə layihələr haqqında ətraflı fikir mübadiləsi aparılmışdır. Tərəflər “Abşeron” layihəsi çərçivəsində görülən tikinti-quraşdırma işlərinin əhəmiyyətini vurğulamış, fəaliyyətin səmərəliliyini artırmaq üçün görülən tədbirlərdən bəhs etmişlər. “TOTAL” şirkətinin Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlı olması bir daha nəzərə çatdırılmış, neft-qaz sektorunda daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunmuşdur.

Xatırladaq ki, ”Abşeron” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında” Saziş 27 fevral 2009-cu il tarixində imzalanıb. Layihənin operatoru ”SOCAR Absheron” və ”TOTAL E&P Absheron” törəmə şirkətlərinin bərabər paylarla iştirak etdiyi JOCAP (”Joined Operating Company Absheron Petroleum”) birgə müəssisəsidir. ”Abşeron” qaz-kondensat yatağı Xəzər dənizində, ”Azəri-Çıraq-Günəşli” yataqlar blokundan cənub-qərbdə, dənizin 500 metr dərinliyində yerləşir.