2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
Türk Şurası “SOCAR Türkiyə” şirkətinə İnvestisiya Mükafatını təqdim edib
Türkdilli ölkələr arasında əməkdaşlığı təşviq etmək məqsədi ilə beynəlxalq miqyasda fəaliyyət göstərən Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu zirvə görüşü Bakıda keçirilmişdir. Görüşdən sonra keçirilən Türk Biznes Mükafatlarının Təqdimolunma Mərasimində SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan “SOCAR Türkiyə” “Türk Şurası İnvestisiya Mükafatı”na layiq görülüb.
Şuraya üzv olan ölkələrdə investisiyaların artırılmasında mühüm rol oynayan şirkətlərin dəyərləndirildiyi mərasimdə “SOCAR Türkiyə” strateji sektorlara qoyulan böyük miqyaslı investisiyalarına görə mükafata layiq görülmüşdür. Üzv ölkələr Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan və Türkiyənin iqtisadiyyat və ticarət nazirlərinin iştirak etdiyi toplantıda Türkiyənin Ticarət naziri Mehmet Muş “SOCAR Türkiyə”-nin mükafatını şirkətin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayil Yusifova təqdim etmişdir.
Türk Biznes Mükafatları Türkiyə Respublikası Prezidentinin nəzdində İnvestisiya Ofisi və Ticarət Nazirliyinin qərarı ilə Türkiyəyə investisiya yatıran şura üzvü ölkələrin şirkətləri arasında aparılan dəyərləndirməyə əsasən verilir. Təsisiçiləri arasında Azərbaycan və Türkiyənin də olduğu Türk Şurası, üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ilə yanaşı türk dünyasının tarixi və mədəni irsinin qarşılıqlı mübadiləsi və inkişafı istiqamətində layihələr də həyata keçirir.