Azəri -Çıraq -Günəşli yataqları üzrə 2021-ci ilin 1-ci yarısında 85 milyon barrel neft hasil olunmuşdur

 Azəri -Çıraq -Günəşli yataqları üzrə 2021-ci ilin 1-ci yarısında 85 milyon barrel neft hasil olunmuşdur

bp 2021-ci ilin 1-ci yarısı üzrə biznes əməliyyatları üzrə hesabatını təqdim etmişdir.

Hesabatda bildirilir ki, 2021-ci ilin birinci yarısı ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 266 milyon dollar əməliyyat məsrəfləri və 846 milyon dollardan artıq əsaslı məsrəflər xərclənmişdir.

COVID-19 pandemiyasının yaratdığı çətinliklər və məhdudiyyətlərə baxmayaraq, ilin birinci yarısında Azəri Mərkəzi Şərqi (ACE) layihəsi eləcə də bp-nin digər fəaliyyətləri vəziyyətə uyğunlaşmaqla fasiləsiz davam etmişdir.

İri avadanlıq yüklərinin və irihəcmli materialların  tikinti-quraşdırma işlərinin qrafikini dəstəkləyərək Bakıya daşınması davam etmişdir. Sualtı qurğular və birləşdirici dirsəklərin quraşdırılması üzrə mühəndis-layihə işləri ikinci rübdə başa çatmışdır.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam etmişdir. Bu işlərə aşağıdakılar daxildir: qazma avadanlığı modulu üzərində qazma sahəsi göyərtəsinin quraşdırılması, mexaniki avadanlıq dəstlərinin quraşdırılması, boru xətlərinin quraşdırılması, dikəldilməsi və kabellərin çəkilməsi.  Üst modulların sürüşdürülərək yüklənməsi üçün relslərin hazırlanmasına başlanmışdır. Yaşayış modulları Bakıya çatdırılmış, quraşdırma sahəsində boşaldılmış və ilk üç modul artıq öz mövqeyinə qaldırılmışdır.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə  davam etmişdir. Mərkəzi  dayaq çərçivələrinin qaynaq işləri irəliləmiş və dayaq blokunun barjın üzərinə  sürüşdürülməsi əməliyyatına hazırlıq işlərinə başlanmışdır.

İkinci rüb ərzində həmçinin dənizdə aparılan bir sıra quraşdırma işləri də irəliləmişdir. Bunlara Şərqi Azəri platformasında ACE platformasının Azəri yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir.

Səngəçal terminalında yerləşəcək ACE nəzarət otağının layihələndirilməsi tamamlanmışdır və bununla bağlı planlaşdırlmış modifikasiya işləri bu ilin dördüncü rübündə başlanacaq.

Ümumilikdə, 2023-cü ildə ACE layihəsindən ilk hasilatı əldə etmək  üçün həyata keçirilən mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri qrafikə uyğun davam edir.

2021-ci ilin birinci yarısında AÇG yatağında səmərəli hasilatı maksimuma çatdırmaq üçün məhsuldar layları daha yaxşı öyrənmək və hasilat və suvurma fəaliyyətlərini daha dəqiq planlaşdırmaq məqsədilə AÇG layihəsi çərçivəsində yüksək sıxlıqlı seysmik tədqiqat aparılmışdır. Altı ay müddətində və üç gəmi vasitəsilə həyata keçirilən tədqiqat fəaliyyətləri təhlükəsiz və qrafikə uyğun şəkildə yerinə yetirilmişdir. Tədqiqat zamanı ekipajlı gəmilərdən əlavə, həmçinin özü idarə olunan suüstü gəmi və məsafədən idarə olunan kiçik ölçülü sualtı qurğudan da istifadə edilmişdir.

İkinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Yarım il üçün AÇG-dən ümumi hasilat – Çıraq (30 000), Mərkəzi Azəri (111 000), Qərbi Azəri (118 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (88 000) və Qərbi Çıraq (43 000) platformalarından birlikdə – gündə orta hesabla 468 000 barel və ya ümumilikdə təxminən 85 milyon barel, yəni 11 milyon ton olub.

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq ikinci rübdə Qərbi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.

Plana əsasən Qərbi Azəri platformasından hasilat təxminən 13 gün ərzində dayandırılmışdı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.

İkinci rübün sonunda AÇG-də ümumilikdə 131 neft hasilat quyusu, 44 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub.

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

2021-ci ilin birinci yarısında AÇG-də 6 neft hasilatı və 3 suvurma quyusu qazılmışdır.

Səmt qazı: 2021-ci ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9,1 milyon kubmetr, ümumilikdə isə 1,6 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Xatırladaq ki, AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).