2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
“Greentech Summer Camp 2021” təlimləri başa çatıb
Cari ilin 7-8 iyul tarixlərində Energetika Nazirliyi ilə “Masdar” və “bp” şirkətləri arasında mövcud əməkdaşlıq çərçivəsində “Greentech Summer Camp 2021” adlı təlim başa çatıb.
Təlim proqramı Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyindəki Qobustan Hibrid Elektrik Stansiyasında həm fiziki, həm də onlayn təşkil edilməklə hibrid formada keçirilib. Proqramın əsas mövzusunu bərpa olunan enerji mənbələrindən istifadə, günəş və külək enerjisi, dənizdə külək enerjisi, hidrogen enerjisi, elektroliz vasitəsi ilə “yaşıl hidrogen”in istehsalı, hidrogen yanacaq elementlərinin əsasları və “yaşıl enerji” texnologiyalarının tətbiqi təşkil edib. Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, “Masdar” və “bp” şirkətlərinin mütəxəssislərinin məruzələri təqdim edilib və müzakirələr aparılıb.
Təlimin ikinci günündə iştirakçılara sertifikatlar təqdim edilib. Təqdimetmə mərasimində Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev, “bp” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Masdar şirkətinin baş meneceri Husain Al Meer də iştirak ediblər.
Təlim proqramında ADA Universitetinin, Bakı Ali Neft Məktəbinin, Azərbaycan Texniki Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, həmçinin Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “bp”, “Masdar” şirkəti və “Azərenerji” ASC-nin nümayəndələri iştirak ediblər.