Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanılır

 Azərbaycanda dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanılır

Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Hökuməti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ölkədə dənizdə külək enerjisinin inkişafı üzrə yol xəritəsi hazırlanır.

Yol xəritəsinin hazırlanmasının əsas məqsədi Azərbaycanda külək enerjisinin potensialının qiymətləndirilməsi və ümumi enerji istehsalında hansı paya malik olacağını öyrənməkdir.

Yol xəritəsi, Böyük Britaniyada yerləşən “BVG Associates” (BVGA) konsaltinq şirkəti tərəfindən hazırlanır. Layihə çərçivəsində Azərbaycanda dənizdə külək enerjisi potensialının qiymətləndirilməsini və yol xəritəsinin işlənib-hazırlanmasını, növbəti mərhələdə isə dənizdə müvafiq layihələrlə bağlı tenderlərin təşkili, özəl sektorla tərəfdaşlığın müəyyənləşdirilməsi, yardımçı investisiyaların həyata keçirilməsi kimi dəstəkləri nəzərdə tutur.

Anlaşma Memorandumu ilə nəzərdə tutulan bütün bu işlər IFC-nin “Dənizdə Külək Enerjisinin İnkişafı Proqramı” çərçivəsində yerinə yetiriləcək. Bu proqram Dünya Bankı Qrupunun təşəbbüsü olan “Enerji Sektorunun İdarə edilməsində Yardım Proqramı” – ESMAP çərçivəsində maliyyələşdirilir.

ESMAP çərçivəsində aparılan ilkin təhlillərə görə, Azərbaycanda dənizdə külək enerjisinin texniki potensialı 157 QVt səviyyəsində qiymətləndirilir.

Məlumat www.apa.az istinadən təqdim edilmişdir.