2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
İşğaldan azad edilmiş ərazilərdə təmiz enerji layihələrinin həcmi genişləndirilir
İşğaldan azad edilmiş Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsi planlaşdırılır. Bu məqsədlə Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP arasıda İcra Müqaviləsi imzalanmışdır. İcra Müqaviləsi çərçivəsində 240 MVt-lıq günəş enerji layihəsinin texniki və kommersiya baxımdan qiymətləndirilməsi, stansiyanın layihələndirilməsi, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu üzrə əməkdaşlığın qurulması əhatə olunur. Müvafiq fəaliyyətlərin həyata keçirilməsi məqsədilə tərəflər arasında “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.
İmzalanma mərasimində çıxış edən Energetika naziri Pərviz Şahbazov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın “yaşıl enerji” zonasına çevrilməsini xüsusilə vurğulayıb. O, bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə bir vəhdətdə həyata keçirildiyini, bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaratdığını bildirib. Karbohidrogen sektorunda Azərbaycanın uzunillik strateji tərəfdaşı olan BP ilə bugün imzalanılan bu sənədin yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığın yeni səhifəsinin açdığını və Qarabağa xarici sərmayə axınını təmin etdiyini bildirib.