2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək strateji prioritetlərimizdəndir
Energetika naziri Pərviz Şahbazov ikinci “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində “Dayanıqlı inkişaf üçün əlverişli və inklüziv enerji keçidi” mövzusunda enerji nazirlərinin sessiyasında onlayn formatda iştirak edib.
Çıxışda bərpa olunan enerji mənbələrinin dayanıqlı inkişafdakı rolu və karbon emissiyalarının azaldılmasının zəruriliyi kontekstində enerji keçidinin çağırışları və imkanları qeyd edilib. Bildirilib ki, enerji keçidi ölkələrin inkişafı, enerji təhlükəsizliyinin səviyyəsi, investisiyaların qeyri-bərabər paylanması kimi bir çox amillərdən asılı olaraq vahid formula malik olmasa da, ədalətli, əlverişli və inklüziv keçid hamının ortaq marağıdır.
Nazir regional və Avropa miqyasında enerji təchizatında strateji rol oynayan Azərbaycanın enerji keçidinə balanslı yanaşmanın tərəfdarı olduğu və bu baxımdan ənənəvi və bərpa olunan enerji mənbələrini vəhdətdə inkişaf etdirdiyini diqqətə çatdırıb. Bildirilib ki, bu siyasət enerji təchizatında dayanıqlılığı, enerji resurslarına olan ehtiyacları qarşılamağı və “yaşıl plan”ların icrasını təmin edir: “Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edirik. 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin enerji sistemimizə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33%-ə, elektrik enerjisinin istehsalında isə hazırkı 7%-dən 25%-ə çatacağı gözlənilir. Bu, 2030-cu ilə 30%-lik hədəfimizin artıqlaması ilə yerinə yetirilməsi deməkdir”.
Həmçinin Azərbaycanın enerji ixracı və regional əməkdaşlıq sahəsində strateji prioritetlərindən də bəhs olunub: ““Xəzər – Qara dəniz – Avropa” və Azərbaycan – Türkiyə – Avropa dəhlizlərini yaratmaq və şaxələndirilmiş marşrutlarla 5 QVt-dan çox “yaşıl enerji” ixrac etmək strateji prioritetlərimizdəndir. Bu dəhlizlər Mərkəzi Asiya ölkələrindən də yaşıl enerjinin nəqli imkanlarını vəd edir” -deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycanın da təmsil olunduğu birinci “Qlobal Cənubun Səsi” Sammiti cari ilin yanvar ayında keçirilib.