230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub

 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlər barədə videoçarx nümayiş olunub.

Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.

Qeyd edək ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.