110/35/6 kV-LUQ “BİNƏQƏDİ” YARIMSTANSİYASININ AÇILIŞI OLUB

 110/35/6 kV-LUQ  “BİNƏQƏDİ” YARIMSTANSİYASININ AÇILIŞI OLUB

“Azərenerji” ASC-nin balansında olan 110/35/6 kV-luq “Binəqədi” yarımstansiyası bugün yenidənqurulma işlərinin tamamlanmasından sonra istismara təhvil verilib. Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, dövlət başçısına yarımstansiyada görülən işlər və onun əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, “Binəqədi” yarımstansiyası paytaxtın Binəqədi, Nərimanov, Nəsimi rayonlarının elektrik enerjisi təchizatında mühüm rol oynayır.

1952-ci ildə inşa edilən “Binəqədi” yarımstansiyası istismar müddətini 2 dəfədən artıq başa vurmuşdur. Bu isə yarımstansiyada texnoloji itkilərin çoxalmasına, müxtəlif qəza hallarının, qısaqapanmaların baş verməsinə, istehlakçıların enerji təchizatında fasilələrin yaranmasına səbəb olurdu.

Yenidənqurma işlərindən sonra yarımstansiya müasir avtomatika sistemləri ilə təchiz edilib. Burada görülən işlər çərçivəsində yeni avadanlıqlar komplektləşdirilmiş, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri ilə təchiz edilib, yeni İdarəetmə Mərkəzi tikilib və yerli mikro-SCADA sisteminin qurulması ilə yarımstansiyanın idarə olunması tam olaraq rəqəmsallaşdırılıb.

Prezident İlham Əliyev,  yenidənqurulan “Binəqədi” yarımstansiyasını işə salib.