2024-cü ilin 11 ayında elektrik enerji istehsal göstəriciləri
ƏSASLI ŞƏKİLDƏ YENİDƏN QURULAN 500/330/220 KV -LUQ “ABŞERON” YARIMSTANSİYASI ISTISMARA TƏHVIL VERILIB
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 500/330/220 kV-uq “Abşeron” yarımstansiyasının açılışında iştirak edib.
“Abşeron” yarımstansiyasında 40 ilə yaxın müddətdə istismarda olan avadanlıqlar köhnəldiyindən, yeni texnologiyalara cavab vermədiyindən və bütün bunlarla yanaşı, tələbat dəfələrlə artdığından istismarda ciddi problemlər yaranırdı. Məhz buna görə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkənin ən böyük yarımstansiyası olan “Abşeron” yarımstansiyası əsaslı şəkildə yenidən qurulub. “Bu yarımstansiya bütövlükdə Bakı və Abşeron yarımadasının əksər hissəsini elektrik enerjisi ilə təchiz edir.
Yenidənqurma işləri çərçivəsində köhnə idarəetmə binası əsaslı təmir edilib. Məhz burada ilk dəfə 22 nömrədən ibarət mühəndis-yataqxana korpusu inşa olunub, işçilərin istirahəti, idmanla məşğul olması, asudə vaxtlarını səmərəli keçirməsi üçün hərtərəfli şərait yaradılıb. Yarımstansiyanın strateji əhəmiyyəti nəzərə alınaraq, onun səmərəli və etibarlı iş rejiminin, dayanıqlığının artırılması, istismar xərclərinin azaldılması, işçi heyəti üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılmasına tam nail olunub.
Qeyd edək ki, “Abşeron” enerji qovşağı nəinki Bakı və Abşeron yarımadasının, bütövlükdə ölkənin enerji sisteminin əsas bazası hesab olunur. Belə ki, Mingəçevir, Şirvan və digər şəhərlərdə yerləşən iri elektrik stansiyalarından çox böyük həcmdə yük məhz “Abşeron” yarımstansiyasına, buradan isə sistem əhəmiyyətli 330, 220 kilovoltluq yarımstansiyalara ötürülür.
Yenidənqurma işləri zamanı yarımstansiyasının 500 və 330 kilovoltluq açıq paylayıcı qurğularında avadanlıqlar yenilənib, ərazi genişləndirilib, yeni 220 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib. Həmçinin İdarəetmə Mərkəzi tikilib və müasir qurğularla təchiz olunub. İdarəetmənin təkmilləşdirilməsi, yarımstansiyanın işinə real zaman rejimində nəzarət olunması və göstəricilərin
“Azərenerji”nin SCADA sisteminə ötürülməsi məqsədilə yerli mikro-SCADA dispetçer idarəetmə sistemi qurulub və enerjisistemin mərkəzi SCADA sisteminə inteqrasiya olunub. Beləliklə, yarımstansiyanın idarə olunması tam rəqəmsallaşdırılıb. Eyni zamanda dispetçer idarəetmə otağında mərkəzi SCADA sistemi tam həcmdə təkrar ehtiyat variantda quraşdırılıb.
Yarımstansiya Azərbaycanın dörd ən böyük istilik elektrik stansiyası – “Azərbaycan” İstilik Elektrik Stansiyası, “Sumqayıt”, “Şimal” və “Cənub” elektrik stansiyaları, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası, “Səngəçal”, “Qobu” elektrik stansiyaları, “Xaçmaz” modul tipli elektrik stansiyası ilə əlaqələndirilib. Beləliklə, bu yarımstansiya bu qədər böyük generasiya mənbələri ilə əlaqələndirilən yeganə qovşaq yarımstansiyasıdır.
Yarımstansiyanın əsaslı şəkildə yenidən qurulması ilə onun yükötürmə qabiliyyətinin artırılmasına, elektrik təchizatının etibarlığının və dayanıqlığının yüksəldilməsinə, itkilərin azaldılmasına, müasir standartlara cavab verən innovativ həllərin tətbiqinə nail olunub.
Qarşıda icrası yerinə yetiriləcək Rusiya ilə mövcud Yaşma-Dərbənd xəttinə paralel olaraq yeni 330 kilovoltluq Dərbənd-Abşeron xəttinin tikintisi layihəsi ilə əlaqədar yarımstansiyada genişləndirmə işləri aparılıb.